Əsas menyu
Statistika
Hazırda onlayn : 1 Qonaqlar : 1 İstifadəçilər : 0 Sizin İP : 13.59.127.63 Veb səyyah :
|
LütfiZadə Haqqında
Professor Lütfi ZadəLütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə idi. Artıq xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.
L. Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan 4 Fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.
Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri oxumuş insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun öz həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burada kommersiya ilə məşğul olmaq qərarına gələndə valideynləri ona bu işdə kömək olacaqlarını bildirdilər.
İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burada satışın təşkil etməklə özünə yaxşı güzəran düzəltmişdir. Biznes fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin "Şərqşünaslıq” fakültəsində təhsil alır və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışırdı.
Bakı şəhərində gələcək həyat yoldaşı Fanni ilə tanış olan Rəhim Ələsgərzadə valideynlərinin razılığı ilə toy edir və Fevral ayının 4-də onların ailəsində oğlan övladı dünyaya gəlir. Lütfi adı daşıyan bu balaca oğlan 16 saylı məktəbə gedir və ömrünün 10 ili bu məktəblə bağlı olur.
Lütfinin uşaqlığı da həmyaşıdlarından olduqca fərqlənirdi. Fanni xanım onunla bağlı verdiyi müsahibələrin birində deyirdi: Lütfinin 5 yaşı tamam olan günü qohum-əqrəbalarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin O, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab var idi ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə otağı üzərində "TƏK”(bu onu oxuyan zaman narahat edilməməyi üçün idi) yazılmışdı.
1932-ci ildə Sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə onları iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığın qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi sovetlərin hakimiyyətə gəlməsindən sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəlirlər. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə sovetlər kibernetika, informatika, genetika kimi elmlərə öz mənfi mövqeyi ilə seçilirdi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi. O, hələ 9 yaşında ikən Ələsgərzadələr ailəsi Bakını tərk edərək Tehrana köçüblər. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. L.Zadə müsahibələrindən birində Alborsda oxuyarkən Sovet və Amerika məktəbləri arasında çox böyük fərq gördüyünü söyləyirdi. Bu məktəbdə böyük alim ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edir. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir: "Dünyanın bu füsünkar ölkəsi ilə görüşməyə, onun universitetlərində təhsilimi davam etdirməyə can atırdım”. Lakin, o, hələlik "arzularının ölkəsi”nə getməyi düşünmürdü. Hələ ilk ali təhsilini də Tehranda almalıydı. Beləliklə, L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır.
L.Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatları-a gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim sonralar şəraitə uyğunlaşır və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.
Zadə Kaliforniya universiteti Professorlarının əhatəsində
Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq(Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors”, "General Electric”, "Motorola", "Dupont”, "Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.
L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi”, "Sistemlər nəzəriyyəsi”, "Sözlə işləyən kompüter nəzəriyyəsi”, "Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Qeyd edək ki, L.Zadənin nəzəriyyələrinin meydana gəlməsində onun Qurani-Kərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə hələ ötən əsrin 60-cı illərinin axırlarından tanış olmağa başlayan strateji raket qurğuları üzrə mütəxəssis Əlimuxtar Əkbərovun qənaətinə görə, bu nəzəriyyə məhz Quranın məntiqindən doğan bir elmi yanaşmadır. L.Zadə hazırda Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Böyük alim Azərbaycanda çox az yaşasa da, vətəndə onu heç vaxt unutmayıblar. Lütfi Zadə haqqında "Müasir elmin korifeyi” (müəlliflər - Fərhad Tağıyev, Şamxəlil Məmmədov), "Dünya dahilərsiz yaşaya bilmir” (müəllif - Möhbəddin Səməd) adlı kitablar , "Uzaq və yaxın Lütfi Zadə” (quruluşçu rejissoru - Oqtay Babazadə, ssenari müəllifi - Möhbəddin Səməd) sənədli filmi, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
"Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi üzərində xüsusi dayanmağa dəyər. 1996-cı ildə çəkilmiş bu filmdə, demək olar ki, böyük alimin bütün həyatı, elmi uğurları öz əksini tapıb. Hazırda L.Zadənin iştirak etdiyi bütün beynəlxalq konfranslar bu filmlə başlayır. Təşkilatçılar onun haqqında əlavə məlumat verməyə ehtiyac duymurlar. Çünki onların söyləyəcəklərini "Uzaq və yaxın Lütfi Zadə” filmi daha geniş şəkildə deyir. Filmin rejissoru O.Babazadə bizimlə söhbətində onu necə çətinliklə ərsəyə gətirdiklərindən, L.Zadəye kifayət qədər bələd olan bir insan kimi bu böyük insanın şəxsi keyfiyyətlərindən danışıb. Rejissorun sözlərinə görə, filmin çəkilməsi bir təsadüflə bağlıdır. Bele ki, jurnalist M.Semed və O.Babazadə əslində görkəmli alim Tofiq İsmayılov haqda film çəkmək istəyiblər. Ancaq… "Biz bu filmi çəkmək üçün qapı-qapı gəzərək pul axtarmağa başladıq. Yalan olmasın, bəlkə də yüz qapı döydük. Söz verən çox, ancaq pul verən yox idi. Biz də bir dəfə peşman halda oturub çay içirdik. Bu vaxt Möhbəddin müəllim dedi ki, Lütfi Zadə adında bir məşhur azərbaycanlı alim var. T.İsmayılovun məsələsi düzəlmirsə, bəlkə Lütfi Zadə haqda film çəkməyə cəhd edək. Mən bu sözü eşidəndə gülməyə başladım və dedim ki, Bakıda oturub Tofiq İsmayılov haqda bir şey çəkməyə imkanımız yoxdur, Amerikaya getməyə isə heç yol pulu tapa bilmərik. Bunun uçun külli miqdarda pul lazımdır. O mənə professor Rafiq Əliyev haqqında danışdı, onun Lütfi Zadənin davamçısı olduğunu söylədi və dedi ki, bəlkə o bizə kömək edə bilər. Doğrudan da, Möhbəddin müəllim ehtimalında yanılmamışdı. Məhz Rafiq Əliyevin dəstəyi sayəsində bizim ideyamız reallaşdı”.
R.Əliyevlə görüşdən sonra yenidən maliyyə axtarışları başlanır və çəkiliş qrupu çox böyük əziyyətlə toplanan vəsaitlə bilet pulunu düzəltməyə müvəffəq olurlar. Beləliklə, çəkiliş qrupu 1994-cü ildə İrana, ondan iki il sonra - 1996-cı ilin iyununda Amerikaya yola düşür. O.BabaZadənin sözlərinə görə, pul çox az olduğundan böyük çətinliklərlə üzləşiblər: "Amerikada biz pula qənaət etmək üçün üçümüz bir otaqda qalmalı olduq. Şəhərin bu başından o başına çox vaxt, kamera, ştativ əlimizdə, piyada getməli olurduq”. Lakin, bütün çətinliklərə baxmayaraq filmin yaradıcıları qısa müddətdə həm Berklidə, həm de Almaniyanın Frankfurt ve Zigen şəhərlərində - Lütfi Zadənin iştirak etdiyi iki beynəlxalq konfransda çəkilişlər apara biliblər.
Film ekranlara 1998-ci ildə çıxsa da, men onu görməmişdim. İki saatlıq filmi seyr etdim və demək olar ki, bu böyük insanı daha yaxından tanıya, onun Berklidəki yaşam tərzi, iş şəraiti, ailəsi haqda ətraflı məlumat ala bildim. Hazırda L.Zadənin iki ovladı - Nəriman adında bir oğlu və Sitarə adında bir qızı var. Oğlu da atası kimi elmlə məşğul olub, lakin indi Nyu-Yorkda kompüter proqramlarının tərtibi və satışı sahəsində çalışır. Qızı isə prodüsserdir.
Filmə baxarkən diqqətimi L.Zadənin boynundan asdığı peycer və heç belindən açmadığı bir çanta cəlb etdi. Bu barədə soruşarkən O.BabaZadə mənə böyük alimin NATO və NASA-nın aparıcı mütəxəssisi olduğunu, ona görə de boynunda peycer, çantanın içərisində daim iki mobil telefon gəzdirdiyini söylədi. Onun sözlərinə görə, daim açıq vəziyyətdə olan mobil telefonlar və peycer L.Zadənin istənilən an bu təşkilatların müraciətlərinə cavab verə bilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, L.Zadəni Azərbaycanda bir çoxları "beynəlxalq toplantılarda azərbaycanlı olduğunu gizlədən, kosmopolit bir elm adamı” olmaqda qınayıblar. Hətta bezi həmkarlarım bu yazını yazarkən mənə "Əgər Lütfi Zadə bir azərbaycanlı ilə bir amerikalı, bir erməni arasında fərq görmürsə, onun haqqında yazmağa dəyməz. Rostropoviç yəhudi olsa da, Azərbaycanı Lütfi Zadədən çox sevir” kimi fikirlər söyləyirdilər. Ancaq təbii ki, menim L.Zadə haqqında düşündüklərim həmkarlarımın düşüncələrindən fərqli olduğundan bu böyük alim və Azərbaycanlı haqqında sevə-sevə yazdım. Sənədli filmdə de onun Azərbaycan və Bakı haqqında danışarkən necə kövrəldiyinin şahidi oldum. O.BabaZadə isə böyük alimlə görüşən bir insan kimi mənimlə söhbətdə L.Zadənin heç vaxt azərbaycanlı olduğunu gizlətmədiyini, əksinə, bununla qurur duyduğunu dedi: "Onun evində Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, müğənnilərdən Şövkət Ələkbərovanın, Bülbülün, Lütfiyar İmanovun, Flora Kərimovanın kasetləri var. Lütfi Zadə Azərbaycan dilini də yaxşı başa düşür. Sadəcə, səhv edə biləcəyindən çəkinərək, doğma dildə danışmır. Deyir ki, Azərbaycan dilində təmiz danışmağım üçün 3-4 gün azərbaycanlıların arasında olmağım bəs edər”. L.Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir. Amerika Birləşmiş Ştatları-nın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə institutu yaradılmışdır - ZIFIT institutu. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. Amerika Birləşmiş Ştatları-nın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. L.Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, sün’i neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmilərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir. L.Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəsürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modelidir. L.Zadənin təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar sün’i təəsürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir. Ümumiyyətlə Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili (binar) məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. Zadə məntiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən (kim bizimlə deyilsə o, bizim düşmənimizdir, yadıma demokratik olmayan cəmiyyətdə siyasi plyüralizmin olmaması düşür), Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Professor Albert Eynşteyn fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhədini göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Əvvəlki yazılarımın birində demişdim ki, Zadənin qeyri-səlis məntiqi yayılma sürətinə və əhatə dairəsinə görə bu gün bir çox alimlərər elmdən çox dini xatırladır. Bu gün qeyri-səlis məntiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və simpoziumlar keçirilir (ikinci belə elm sahəsi tanımıram). Zadə bizim üçün dahidir. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli, gücü onun mücərrəd mahiyyətini üstələmişdir.
Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş Ştatları-nda kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan fotovideo cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı” ekspert sistemlər hazırlanır. Hazırda Yaponiyanın "Umtaçi”, "Mitsubisi”, "Toşiba”, "Soni”, "Orison”, "Konon”, "Riqo”, "Sanyu” kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib böyük iqtisadi gəlir götürürlər; məsələn: Yaponiyada "Panasonik” və "Kvassar” adı altında mallar istehsal edən "Mitçusita” şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard dollarla gəlir götürmüşdür. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
İnsanın böyüklüyünü müəyyən edən müxtəlif atributlar və ölçülər var. Bəziləri insanın böyüklüyünü aldıqları mükafatlarla, fəxri adlarla, əldə etdikləri titullarla məhdudlaşdırırlar. Bəziləri isə adamları gördükləri qeyri-adi işlərə və əməllərə görə qiymətləndirirlər. Mükafatlara, titullara, fəxri adlara gəldikdə professor Lütfi Zadə çox şeyi özünə yaxın buraxmayan Yaponiyanın dünya elmində inqilabi çevriliş etmiş alimlərə ayırdığı ən yüksək mükafatı - Honda mükafatını almışdır. Titula gəldikdə isə o, dünya alimlərində yalnız bir-iki nəfərə nəsib olmuş çalışdığı Berkle Universitetinin ömürlük fəxri professoru fəxri adını qazanmışdır. Dünyanın bir çox akademiyalarının fəxri akademiki, universitetlərin fəxri professoru olması, ayrı-ayrı yüksək mükafatlar, titullar qazanması da ki öz yerində… L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. O, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur Amma professor Lütfi Zadə şəxsiyyətini, Lütfi Zadə əlçatmazlığını müəyyən edən bu mükafatlar deyil, bir ömürdə beş elmi nəzəriyyə yaratması, dünya elmində inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirməsi ilə xarakterizə olunur.
Bu yaxınlarda L.Zadə ilə bağlı daha bir sevindirici xəbər eşitdik. O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmağa razılıq verib. Mənə elə gəlir ki, bu faktın özü de onun Vətənə olan məhəbbətinin təsdiqi uçun yetərli sayıla bilər.
Bakıda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının fəaliyyət göstərdiyini yuxarıda qeyd etdik. Akademiyanın müxbir üzvü, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəbi Mahmudov bizimlə söhbətində bu elm ocağının 1999-cu ildə yaradıldığını və əsas vəzifəsinin Lütfi Zadə nəzəriyyələrinin dərindən öyrənilməsi olduğunu dedi. N.Mahmudov burada böyük alimin nəzəriyyələrinin tətbiqi ilə bağlı da ciddi tədqiqatlar apardıqlarını söylədi.
Bu gün L.Zadə nəzəriyyələri nəticəsində milyardlar qazanan şirkətlər, böyük dövlətlər onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində bütün soydaşlarımızın, türk Dünyasının qəlbini qurur hissi ilə dolduran bir ad da var - AZƏRBAYCANLI. Heç şübhə yoxdur ki, Lütfi Zadənin özü üçün də bu ad aldığı bütün mükafat və adlardan daha şərəfli və daha əzizdir.
Lütfi Zadə elmi irsini Rafiq Əliyevə vəsiyyət edib Planetimizin ən böyük elmi dühalarından olan, professor Lütfi Zadə elmi irsini professor Rafiq Əliyevə vəsiyyət edib. Rafiq Əliyevin yalnız Azərbaycanda deyil, bütün dünyada tanınmış bir alim olduğunu vurğulayan Lütfi Zadə bildirib ki, Rafiq Əliyev qeyri-səlis çoxluqlar nəzəriyyəsinə, qeyri-səlis məntiqə samballı töhfələr verib. Görkəmli alim Lütfi Zadə professor Rafiq Əliyevlə uzun illərdir ki, birgə araşdırmalar aparır. Hər iki görkəmli alim bir neçə kitabın həmmüəllifləridir.
|
|